Keçid linkləri

2024, 28 Fevral, çərşənbə, Bakı vaxtı 13:22

'Sədərək' sahibinin xanımı və oğlu haqqında məcburi gətirilmə qərarı çıxarılıb


"Sədərək" Ticarət Mərkəzi
"Sədərək" Ticarət Mərkəzi

"Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin ailə üzvləri haqqında məcburi gətirilmə qərarı çıxarılıb. İşadamının xanımı Fəridə Qədimova və oğlu Orxan Qədimbəyli barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində verilib.

Bu məhkəmədə Qədimbəylilərin evindən 800 min manatdan çox pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işinə bir ildən çoxdur baxılır. Oğurluqda suçlanaraq hakim önünə çıxarılansa 43 yaşlı Ruzan Cabbarovadır.

R.Cabbarova "Sədərək" sahibinin evində xidmətçi çalışıb. Cinayət işinin materiallarında göstərilib ki, işlədiyi dövrdə o, bir neçə dəfəyə 803 min manatlıq oğurluq edib. İddiaya görə, pul və qızıl zinət əşyaları ilə yanaşı, başqa avadanlıq da oğurlanıb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

R.Cabbarova özünü qismən təqsirli bilsə də, deyir ki, qarşı tərəf ziyanın məbləğini çox şişirdib. Ehtiyac üzündən cinayətə əl atdığını söyləyən R.Cabbarova vurğulayıb ki, oğurladıqlarının hamısı sonradan geri qaytarılıb. Onun sözlərinə görə, oğurlanan qızıl-zinət əşyalarının dəyəri zərərçəkmiş tərəfin iddia etdiyindən dəfələrlə az olub. İttihamda elə əşyalardan bəhs edilir ki, onları ümumiyyətlə oğurlamayıb.

Təqsirləndirilən şəxsin fikrincə, Qədimbəylilər ailəsi qisas almaq üçün ziyanın məbləğini şişirdir, axı ziyanın məbləği 500 min manatdan az göstərilsəydi, Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham veriləcəkdi. Bu maddənin sanksiyasında isə cəza müddəti 5 ildən 10 ilədəkdir.

Məhkəmədə o da məlum olub ki, R.Cabbarovanın orta təhsili yoxdur, yazıb-oxumağı bacarmır.

Bu cinayət işi üzrə zərərçəkmiş qismində Y.Qədimbəylinin xanımı və oğlu tanınıb. Onların məhkəmədə nümayəndəsi və vəkili olsa da, özləri ötən ilin noyabrından sürən məhkəmə prosesinə gəlmirlər.

Təqsirləndirilən şəxs və onun vəkili Fəridə Qədimova və Orxan Qədimbəylinin məhkəməyə gəlməsini tələb edərək onlara şəxsən ünvanlanası və nümayəndənin cavab verə bilməyəcəyi sualları olduğunu söyləyirlər. Bu üzdən, hakimlər zərərçəkmiş ana və oğulun məhkəməyə məcburi gətirilməsi qərarını çıxarıb. Belə qərarlar icra olunmasından ötrü daxili işlər orqanlarına göndərilir ki, polis şəxsi tapıb məhkəməyə gətirsin.

XS
SM
MD
LG